Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-un suallarını cavablandırıb.
- Nizami müəllim, son illər bir neçə icra başçısı həbs olunub. Bu həbslərə münasibətinizi öyrənmək istərdik...
- Həbsləri doğru hesab edirəm. Ancaq bu həbslər çox gec baş verir. İllər boyu biz deyirik, ünvanları göstəririk. Göstərdiyimiz faktları heç kim normal qəbul edə bilməz. Nəzərə almaq lazımdır ki, neqativ halların aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi. Mənim fikrimcə, biz cəmiyyət olaraq özünü təmizləmə prinsipini həyata keçirməliyik və hər bir vətəndaş bu işdə aktiv olmalıdır, heç nədən çəkinməməlidir. Bu, çox vacib məsələdir.
- Müsahibələrin birində ALDP sədri Fuad Əliyev demişdi ki, icra başçılarının özlərini "padşah" kimi aparırlar. Belə icra başçıları indi də var? Onların özlərini "padşah" kimi aparması nədən irəli gəlir?
- Təbii ki, var. İcra hakimiyyəti başçısının özünü "padşah" kimi aparması heç kimə sirr deyil. Xüsusilə rayonlarda. Burada təkcə icra başçıları yox, bütövlükdə məmurları qeyd etmək istəyirəm. Sui-istifadə edən məmurun işdən azad olunması, qanunlara uyğun olaraq cəzalandırılması qorxusu, məsuliyyət hissi olmalıdır. Ancaq biz bunun tam əksini görürük.
-Nizami müəllim, informasiya saytların birində bir neçə partiyaların birləşməsi məsələsi müzakirə olduğunu bildirilir. ALDP-yə belə bir təklif olub və yaxud olsa, sizin cavabınız necə olacaq?
- Belə bir informasiya şəxsən mənim rastıma gəlməyib. Amma onu dəqiq deyə bilərəm ki, partiyamıza belə bir təklif gəlməyib və bizim də, kiminləsə birləşmək istəyimiz yoxdur. Kim istəyirsə ALDP-yə qoşula bilər. Amma birləşmə ideoloji əsasında olmalıdır. Liberal yönümlü partiya varsa və belə bir istəyi olsa, buyursun ALDP ilə birləşsin. Biz onların istəyini dəyərləndirərik.