"Azərbaycan tarixində çox mühüm hadisə baş verib - işğaldan azad olunmuş Şuşa şəhərində Türkiyə ilə ölkəmiz arasında mühüm sənədlər imzalanıb. Türkiyə və Azərbaycan dövlət başçılarının imzaladığı müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi ölkələr arasındakı münasibətlərin bütün sahələrini əhatə edir."
Bu fikirləri "İki sahil"ə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev söyləyib.
Partiya sədri vurğulayıb ki, Şuşa Bəyannaməsində Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması, Azərbaycan və Türkiyəni birləşdirəcək "Zəngəzur dəhlizi"nin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır: "Şuşa Bəyannaməsi Cənubi Qafqaz regionunun gələcək taleyini həll edəcək bir sənəddir.
İlham Əliyev və Tayyib Ərdoğan Şuşa Bəyannaməsində qeyd olunduğu kimi, qarşılıqlı öhdəliklərlə hərbi müttəfiqliyi rəsmiləşdirmiş oldular.
Digər bir məqamı da qeyd etmək istəyirəm. Sənəddə Azərbaycan və Türkiyəni birləşdirəcək avtomobil və dəmir yolu xəttinin inşası nəzərdə tutulur. Azərbaycan və Türkiyə "Zəngəzur dəhlizi" ilə bağlı layihənin reallaşdırılmasında siyasi iradəni rəsmən bəyan etdilər. "Zəngəzur dəhlizi" Qərblə Şərqi birləşdirəcək nəqliyyat-kommunikasiya marşrutu olacağ. "Zəngəzur dəhlizi"ndən keçən nəqliyyat-kommunikasiyalar qonşu ölkələrin də marağındadır. İran və Rusiya regionun inkişafına yönələn layihələrə dəstək verəcəklərini bəyan ediblər."
Fuad Əliyev bildirib ki, artiq Türkiyə-Rusiya tandemi formalaşır. Bu dövlətlər qeyri-rəsmi şəkildə 30-40 illik strateji məsələlərdə razılaşma əldə ediblər. İndi görürük ki, bu tandem Qarabağı işğaldan azad olunması məsələsinə öz təsirini göstərib. Rəcəb Tayyib Ərdoğan Ermənistanın ortaq gələcəyi birlikdə qurmaq fürsətini düzgün dəyərləndirəcəyinə ümid etdiyini bildirdi.