ALDP bəyanat qəbul edib: Ermənistanla sərhədi bağlamaq, anti-terror əməliyyatlara başlamaq lazımdır

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmaları ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

ALDP Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan vətəndaşları və hərbçilərinin erməni faşistlərinin qoyduğu minalara düşərək həyatlarını itirməsini pisləyir.

Azərbaycan tərəfin tələbinə baxmayaraq Ermənistan hökuməti işğaldan azad edilmiş ərazilərdə minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bu isə Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub. Ermənistan bu dəfə də beynəlxalq öhdəlikləri kobud şəkildə pozur.

ALDP hesab edir ki, Kəlbəcər rayonunda baş verən son faciədən sonra, Ermənistanla olan sərhədləri, o cümlədə Laçın dəhlizini, bağlıyaraq anti-terror əməliyyatlara başlamaq lazımdır.

ALDP hesab edir ki, indiki vəziyyətdə Ermənistanla bütün danışıqları dayandırmaq və Rusiya sülhməramlıların Azərbaycan ərazisindən çıxmaq məsələsini qaldırmaq lazımdır.

ALDP hesab edir ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.
ALDP həlak olan jurnalistlərin ailələr dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyir!

0.15312480926514