ALDP sədri: Təəssüf ki, Azərbaycanda bu baş vermir

İşğaldan azad edilən ərazilərimizin bərpasında, quruculuq işlərində və digər bu kimi proseslərdə Türkiyə şirkətləri yaxından iştirak edəcəklər. Ötən həftə prezident İlham Əliyev 3 filiz yatağının Türkiyə şirkətlərinə verilməsi haqda sərəncam imzaladı. Eyni zamanda qardaş ölkənin nəqliyyat və təhsil nazirləri Azərbaycanda oldular.

Habelə Azərbaycanla dost olan bir çox ölkələrin şirkətləri bərpa prosesində iştirak edəcəklər.

Təbii ki, bərpa prosesində müxtəlif sahələr üzrə həm yerli, həm də xarici mütəxəssislərə də ehtiyac var. Müxalifət cameəsində də iqtisadçılar, mühəndislər, layihəçilər və s. var. Amma bərpa prosesində ölkə müxalifəti kənarda qalmış durumda görünür. Maraqlıdır, müxalifət özü Qarabağın bərpası prosesində kadrları ilə iştirak etməyi düşünürmü?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat”-a bunları dedi: 

“Qarabağda yaşayışın yenidən təmin olunması ilə əlaqədar ölkədə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri yaxından iştirak edir və edəcək. Çox müsbət haldır ki, İkinci Qarabağ savaşında Azərbaycana dost ölkələr düşmən ölkələrdən daha çox oldu. Bu sıraya Türkiyə, Pakistan, İsrail,  Ukrayna,  Gürcüstan, İtaliya, İngiltərə, Qoşulmama Hərəkatının  üzvlərini əlavə etmək olar. Qarabağda bərpa işlərinə Türkiyə şirkətlərinin cəlb olunması çox müsbət haldır. Hesab edirəm ki, nə qədər çox şirkətlər cəlb olunsa, bu, bərpa işlərini sürətləndirəcək. Artıq  Qazaxıstan xəstəxanalar tikməyə, Özbəkistan mədəni tikililəri və xəstəxanaları tikməyə və bərpa etməyə hazır olduqlarını bildiriblər. Pakistan, İsrail və İngiltərə şirkətlərinin də istəkləri bəyan olunub. Azərbaycan həm də iqtisadi baxımdan regionda ən cəlbedici ölkədir. Aparıcı ölkələr Azərbaycana böyük maraq göstərirlər.  Amma biz yaddan çıxarmamalıyıq ki, bizim Ermənistan kimi mənfur qonşumuz var və onlar hələ də öz iddialarından əl çəkməyiblər. Düzdür, Azərbaycan  Ordusu hər zaman Ermənistana lazımi cavabı verməyə hazırdır. Digər tərəfdən, xarici şirkətlərin Azərbaycana investisiya qoyması qarant rolunu oynayacaq və ermənilər sərsəm iddialarından əl çəkəcəklər.

Müxalifətin kadr potensialı var və hakimiyyət bu və digər dövlət əhəmiyyətli məsələlərdə bu kadrları cəlb etməlidir. Təəssüf ki, Azərbaycanda bu baş vermir. Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir".

0.12255001068115