Qərb Türkiyə və Rusiyanın 44 günlük müharibədə aktiv olduqları və əldə etdiyi nəticələri, Qələbəmizi həzm edə bilmir

Dövlət Departamenti bir müddət öncə ABŞ vətəndaşlarını Azərbaycan və Ermənistana səyahət etməməyə çağırmışdı. Bir neçə gün əvvəl Azərbaycana qarşı terror aktı həyata keçirmək istəyən Ermənistan diversiya  qrupunun bir neçə üzvünün  əsir götürülməsi düşmənin öz mənfur əməllərindən əl çəkməyəcıyindın xəbər verir. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən verilən xəbərə görə, Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Düşmən təxribatlarının davam etməsi, Ermənistanın hətta Naxçıvan istiqamətində atəşkəsi pozması açıq şəkildə azğınlıqdır. Belə olan halda ABŞ Dövlət Departamantinin son bəyanatı sözsüz ki, birmənalı qarşılanmadı.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a bildirdi ki, bu tipli bəyanatlar həmişə olub:

“ABŞ-ın istər Minsk qrupun çərçivəsində, istərsə öz bəyanatlarında Azərbaycana qarşı ikili standartlar hiss olunub.  44 gün Vətən müharibəsi dövründə aktivliyi hiss olunmayan, ümumiyyətlə kənarda duran ABŞ indi belə bəyanatlarla öz fəaliyyətini bərpa etmək istəyir. İndi Azərbaycan Ermənistan  sərhədlərini müəyyənləşdirməyə, texniki bir məsələni həll etməyə çalışır”.

Fuad Əliyevin fikrincə təkcə Amerika deyil, Fransa və digər bir neçə ölkə belə mövqe sərgiləyir:

“Heç bir ölkə Azərbaycana sanksiyalar tətbiq etməyəcək. Biz bunlara fikir verməməliyik,  sərhədlərin müəyyənləşdirilməsi üçün texniki məsələlərimizi həll etməliyik. 30 il ərzində bunlar nə ediblər ki, indi yenə də ortalığa düşüblər. 30 il ərzində demək olar ki, ermənilərə dəstək veriblər”.

ALDP sədri ABŞ administrasiyasının regionda yaranmış yeni situasiyadan narazı olduğunu qeyd edir:

“ABŞ Azərbaycanla münasibətdə heç vaxt səmimi olmayıb. Nə hakimiyyətlə, nədə ki, müxalifətlə. ABŞ  Sorosun Azərbaycan daxilində “narıncı” layihələri həyata keçmədiyinə görə, geri çəkilmişdi. Türkiyə və Rusiyanın 44 günlük müharibədə aktiv olduqları və əldə etdiyi nəticələri, Qələbəmizi həzm edə bilmir. Əgər Fransa açıq şəkildə Ermənistanı dəstəkləyirdisə, ABŞ gizlində işğalçını  dəstəkləyib”.

Paşinyanın Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya işlərində,  Rusiya və ya Minsk qrupunun həmsədri olan hər hansı bir ölkəni - ABŞ və ya Fransanı təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli və beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməsi təklifinə  gəlincə, ALDP sədri Fuad Əliyev bunu bildirdi:

“Hesab edirəm ki,  Azərbaycan bu təklifi rədd etməlidir. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı sənədlərdə sərhəd məsələsinin həlli öz əksini tapıb. Sərhəd vaxtı ilə Azərbaycan SSR və Ermənistan SSR olan zamanındakı kimi olmalıdır. Bu məsələ çox aydındır və Paşinyanın imzası var. İndi onun belə təklif verməyi, ABŞ və Fransa tərəfindən təzyiq nəticəsində baş verib. Bu təxribat xarakterli təklifi heç Rusiyada qəbul etmiyəcək”.

0.1373188495636