Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.
– Cəmiyyətdə belə bir aksioma yaranıb: “Uğur qazanırsansa qalibsən”. Fuad müəllim, belədirsə, bizlər nəyi qalib tərəfi mühakimə edirik, onları qəbul etmirik?
– “Qaliblər mühakimə olunmur”- belə deyirlər. Siyasi prosesləri misal kimi çəksək, əgər seçkidə bərabər şəkildə iştirak etsək, heç kəs əvvəldən kimin qalib gələcəyini bilməz. Amma bərabərsizlik mühitində seçkilərə qatılıb bütün vasitələri öz xeyrinə istifadə edəndə təbii ki, əvvəldən kimin qalib olunacağı da bilinir. Bununla razılaşmaq olmur. Demokratik seçkilər keçirilərsə qalib gəlmək üçün qanuni yollar var.
– Cəmiyyətlə işləməyin çətinləşdiyini nəzərə alsanız, qalib olmaq üçün hansı yolları arayırsınız?
– Burda yeni texnologiyalar işlənməlidir. Biz, gənclərimizlə birlikdə yeni layihələr üzərində işləyir və müxtəlif kampaniyalara qoşuluruq. Artıq müəyyən çağırışlara reaksiya veririk. Bunun da nəticələrinin müsbət olacağına inanırıq.
Bu gün yeni texnologiyalar üzərində işləmək zəruridir. Çünki əvvəllər hər hansı mitinqdə böyük meydanlar dolurdusa, indi çağırışlara balaca bir stadionun yarısı qədər insan gəlmir. Hətta bu mitinqlərə partiya üzvləri də qatılmırlar. Ən ağrılı məsələlərdə insanlar toplaşmırsa, deməli başqa vasitələr seçilməlidir.
– Nəyə görə cəmiyyətdə “yüngüllük” daha cazibəli görünür? Mən bunu bütün sahələrə aid edə bilərəm, siyasətdən tutmuş incəsənətə qədər…
–Çox təəssüf ki, bu yolu təbliğ edənlər daha çoxdur. Bu prosesdə televiziyalar xüsusilə öndə dayanır və gənclərimiz də baxıb onlar kimi olmaq və qazanc əldə etmək istəyir. Sözsüz ki, pul lazımlıdır. Amma çalışmaq lazımdır ki, onu qazanarkən daxili mənliyini itirməyəsən. Çoxları o yolu məcburiyyət qarşısında seçiblər. Amma cəmiyyətin sosial-iqtisadi problemləri düzələrsə, hər şey başqa cür inkişaf edə bilər.
– Cəmiyyətin inkişafı naminə o “ağırlığı” üzə necə çıxarmalıyıq, necə etməliyik?
– Bu qədər problemlərin olduğu bir dövrdə insanların düşüncəsini sakitləşdirən məqamlar da olmalıdır. Məsələn, xəbərlərdən, məlumatlardan ayrılıb evə gedəndə çalışıram ki, maraqlı, komedik verilişllərə baxım. Bu, problemləri yaddan çıxarmaq üçün atılan addımdır.
– Azərbaycanda yaxşı gülüşü tapa bilirsinizmi?
– Yox. Çox təəssüf ki, bizim korifeylər Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Siyavuş Aslan artıq bizimlə deyillər. Onların yerini tutan bir-iki nəfər var. İlham Namiq Kamalın, yaxud Cahangir Zeynalovun adını çəkə bilərəm. Vaxtilə eşidəndə ki, o üçlüyün iştirakı ilə tanaşalar olacaq, mən mütləq onlara baxmağa gedirdim. Amma indi belə bir tamaşaları tapa bilmirəm. İndi heç sağlam gülüş də yoxdur. Bəzən KVN-çilərin bəzi səhnələri olur ki, insan həqiqi yumoru orda tapa bilir. Yaxud Coşqun və Rəfaeldə bir-iki səhnəciklər olur. Amma bir saat gedib hansısa teatrda oturub zövq ala-ala izləyəcəyimiz heç nə yoxdur. Artıq seçilən mövzular da sanki şitləşib. Yenilik yoxdur, tutaq ki, müəyyən seriallar var ki, uzandıqca maraqsızlaşır. Teatra getmək istəyirsən, amma bilmirsən kimə, nəyə baxasan.
– Cəmiyyətimizin şouya meyilli olduğunu qeyd edənlər eyni zamanda bunun günahını aydınlarda, ziyalılarda görür.
– Ən güclü təbliğat maşını televiziyadır. Amma ziyalılarımız var ki, müxalif fikirli olduqlarına görə verilişlərə çıxa bilmirlər. İnternetə çıxsalar da, bu da çox məhduddur. Əvvəllər ayrı-ayrı yerlərdə, eləcə də Qubernator bağında poeziya gecələri olurdu. Çox insanlar o yerlərə gedib dincəlirdilər. İndi belə şeylər də yoxdur. Ziyalı harda özünü göstərsin, danışsın ki, insanlar onları dinləsin. Baxırsan ki, aparıcılar da sünidir. Bizdə hər şey sünidir. Televiziyalarımız maraqlı heç nəyi ifadə etmir.
– Sizin fikrinizcə, bu gün cəmiyyət nə dərəcədə siyasiləşib və nəyə görə?
– Cəmiyyət həddən artıq siyasiləşib. İstənilən yerdə, hətta ictimai nəqliyyatda belə, insanların müəyyən məsələlərlə bağlı siyasətdən danışdığını müşahidə edirik. Hətta evdə iki xanım telefonla danışanda belə, istər-istəməz siyasətə keçirlər. Bir deyim var “sən siyasətlə məşul olmursansa, siyasət səninlə məşğul olacaq”. Yəni, əgər sən gedib seçkidə səs vermirsənsə, sabah bu, gəlib sənin üçün problem yaradacaq. Vətəndaş öz seçicilik hüququndan istifadə etsə, normal demokaratik sistem qursa, sonra siyasətlə məşğul olmayacaq. Özü seçmir və sonra da mövcud olan hakimiyyətin siyasətini qəbul etmir. Bu da istər-istəməz gətirib mətbəxt söhbətlərinə çıxarır. Eyni zamanda insanları depresiyaya, psixoloji pozğunluq vəziyyətinə gətirir. Bu gün insanların üzündə bir narahatlıq, gərginlik görünür. Bütün bunlar hamısı depressiv bir sindromu üzə çıxarır. Ya susur, ya da öz-özünə danışır. Sui-qəsdlər, intiharlar bundan irəli gəlir. İnsan problemləri ilə qapalı qalır və psixoloji sarsıntılar keçirir. Çünki o, böyük auditoriyada danışır eşidilmir, sonra iki-üç nəfərin yanında danışır yenə də eşidilmir, sonra tək qalır. İşsizlik, banka borc, pulsuzluq və sair düşüncələrlə intihara əl atır. Bunlar hamısı psixoloji gərginliyə, nevroloji xəstəliyə, depresiyaya gətirib çıxarır. Görürsən ki, tanıdığın insan bir ilin içində aqressivləşir. Ona görə mən yenə də hakimiyyətin üzərinə qayıdıram. Hakimiyyət maraqlı olmalıdır ki, vətəndaşı sağlam, müəyyən qədər az problemli olsun. Ən azı bir az yaxşı yaşamasına kömək etsin. Vətəndaşın qarnı acdırsa, yaxşı yaşaya bilmirsə, ona hansısa Avroviziya, Avropa oyunları və sair əyləncələr lazım deyil. Vətəndaş yaşayışından razı qalmalıdır ki, başqa şey haqqında danışmasın. Nəyə görə Fuad siyasətlə məşğul olmalıdır. Qabaq bizneslə məşğul idi, indi də gedib davam etdirərdi. Amma sən məndə olan biznesi əlimdən alırsan, mən də məcbur oluram siyasətə qoşulum. İnsanlar səndən böyük bir şey istəmir axı.
– Problemlər icində olan cəmiyyət özünə qapanırsa, mütləq bir partlayış olacaq. Bunu sakit dayanan müxalifət düşərgəsinə də şamil etmək olar?
– Bu “partlayışın” səbəbini hazırki müxalifətə şamil etmək olmaz. Əgər yığılan enerji püskürəcəksə, bu tamamilə fərqli, daha radikal qüvvələrdə olacaq. Bu təbiidir. Çünki hətta adi sızaq belə, irinləyəndən sonra mütləq partlayır. Mən istəmirəm ki, cəmiyyət bu formada partlasın, radikal addımlar atılsın. Mən istəyərəm ki, hər bir proses demokratik yollarla həyata keçirilsin. Amma bu əhval-ruhiyə belə davam edərsə partlayış nə vaxtsa baş verə bilər. Təbii ki, cəmiyyətin bu durumu demokratik düşərgəyə də sirayət edir. Mən də bir vətəndaşam. Sabah öz həyatımı yaxşılaşdırmasam, evimə çörək apara bilməsəm, bu proseslərə qoşulmalıyam.