Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.
– İctimai araşdırmaçılar belə hesab edirlər ki, bu gün bizim cəmiyyətdə bir çox hallarda ortaya çıxan neqativlər kadrların qohumluq əlaqələrinə görə təyin olunması səbəbindən qaynaqlanır. Vəzifəyə peşəsinə görə deyil, adamına görə təyinatlar olunur. Sizcə bu cür yanaşmalar nə dərəcədə realdır?
– Bizdə belə hallar var və bəlkə də bu daha çox Şərq mentalitetli bir xalq olmağımızla bağlıdır. Tarix boyu həmişə belə olub. Mən hakimiyyətin təyin etdiyi nazirlərin şəxsiyətinə hörmətlə yanaşıram. Kiçik məmurlardan danışmayacam, çünki onları tanımıram. Araşdırsaq, çoxları öz sahəsinin mütəxəsisi deyil. Məsələn, indi ki nazirlər daha çox menecerlərdi. Eynilə İcra strukturlarında olanlara aid etmək olar. Baxın, həbs olunanların əksəriyyətinin Ali təhsili yoxdur. Biri ofisiant olub, biri fəhlə olub. Yaxud görürsən ki, hansısa humanitar yönümlü bir təşkilata texniki ixtisaslı birini təyin edirlər, yaxud da əksinə. Təbii ki, öz yerində olmayan vəzifə sahibi ona həvalə olunan sahənin inkişaf etməsinə mane olur. Bir sözlə, istər şəhəri, istər kəndi o sahələri bilən adamların idarəçiliyinə vermək lazımdır.
Məsələn, qonşu Gürcüstanda əhali bizdən iki dəfə azdır, hələ mənfur qonşularımızı demirəm. Amma onlarda qohumluq və tanışlığa görə vəzifələrə təyin edilmə prosesi yoxdur. Orda yalnız dövlətin inkişafı naminə ortaya qoyulan əsas ideya və məqsədlər öndə dayanr.
– Fuad bəy, demək olar ki, hər gün sosial sferada adi vətəndaşların özlərinin özlərinə verib cavab tapa bilmədikləri çoxlu suallarla qarşılaşırıq. Bu sırada “nəyə görə biz hüququmuzu qoruya bilmirik”, “nəyə görə hər şey vəzifəlilər üçündür”, “nəyə görə biz birləşib öz sözümüzü deyə bilmirik” və sair suallar var. Nə etməli olduğunu bilməyən xalqın bu narahatlıqlarının aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
– Hesab edirəm ki, insanların öz hüquqlarını bərpa edə bilməməsi savadsızlıq və hüquqlarını bilməməsi üzündən baş verir. Məsələn, Binəqədi sakinləri öz problemləri ilə bağlı mənə, mən isə müvafiq instansiyalara müraciət etdim. Sonra sakinlər əraziyə gələn polisin sorğu-sualından qorxuya düşmüşdü. Axı nəyə görə vətəndaş yolların düzəlməsi, antisanitariya, su, işıq məsələsinə görə əlacsız qalıb partiya sədrindən kömək istəməlidir və nəyə görə onların üstünə polis getməli idi? Ən pisi odur ki, polis vətəndaşa yaxınlaşan kimi insanlarımız qorxmağa başlayırlar və verilən suallara normal cavab verə bilmirlər. Sözsüz ki, mən onları tək qoymadım və çalışdım ki, dəstək verim. Amma vətəndaş bir tərəfdən öz probleminin həlli üçün kömək istəyir, digər tərəfdən də idarəyə çağıranda “nəyə görə getməliyəm”- deyə, geri çəkilir. Çünki özünə aid olan hüququnu bilmir və hətta öz problemini danışmağa qorxur.
– Bütün bu proseslər ictimai qınağın nə yerdə olduğunu göstərir?
– Bizdə ictimai qınaq çox zəifdir. Biz bunu ictimai nəqliyatda, küçədə və sair yerlərdə müşahidə edə bilirik. Biz ictimai qınağı formalaşdıra bilmirik. Tutaq ki, ictimai nəqliyatda sürücü siqaret çəkirsə, telefonla danışırsa, yaxud təhlükəli sürürsə heç kəs buna reaksiya vermir. Amma bütün sərnişinlər buna etiraz etsə, yəqin ki, sürücü özünü yığışdırar. Kimlərsə bunu etməlidir. İnandırım ki, sabah partiya, mətbuat olaraq birgə küçəyə çıxıb bu məsələyə etiraz etsək, polis bizi tutub aparacaq. Axtarsan həmin sürücünün heç sürücülük vəsiqəsi də olmayacaq. Amma ona cərimə yazmaq əvəzinə bizi tutacaqlar. Təbii ki, belə olduğu halda dövlət özü problemi həll etməyə çalışmalıdır. Əslində bu yolla hakimiyyət ictimaiyyəti özünə kömək etməkdən çəkindirir. İctimai qınaq hakimiyyətin öz işini düzgün qurmasına yardım edən bir qol olsa da, bu sistem formalaşdırılmır.
– Belə fikirlər var ki, insanın özünü unutmasına, zombiləşməsinə aparan bu cür hallar məhz xarici təsirlərin Azərbaycanla “yaxşı” işləməsinin nəticəsidir. Bununla bağlı nələri söyləmək olar?
– Xarici təsirlərin dolayısı ilə gəlib bizlərə sirayət etməsi mümkün ola bilər. Təhsillə bağlı sadə bir misal çəkim: Bu gün bizim təhsildə baloniya sistemi tətbiq olunub. Müəllimlər də bunu müsbət bir sistem kimi təbliğ elədilər. Lakin mən 2008-ci ildə proqramla çıxış edərək bildirmişdim ki, sovet sistemində olan təhsil sistemini bərpa etmək lazımdır. Nəticə etibarilə bugünki vəziyyət göstərdi ki, baloniya sistemi yararsızdır. Bu sistemə keçmək üçün bir neçə il buna hazırlaşmaq və mütəxəssislər hazırlamaq lazım idi. Bu misalları səhiyyəyə də aid etmək olar.
Məsələn, sovet dövründə qəbul olunmayan peyvənd iynələri müstəqillik dövründə ölkəmizə gətirildi. Hardasa bizim üzərimizdə ekspriment apardılar. Mən o zaman da buna etiraz etdim. Araşdırsaq görərik ki, bu gün insanlarda kökəlmə, diabet, ankoloji xəstəliklərin çoxalmasının bir ucu xaricdən gələn “modellərin” hesabınadır. Yaxud, araşdırmalar aparılsa xaricdən gələn dərmanların, qidaların nə dərəcədə zərərli olduğu üzə çıxa bilər. Biz xaricdən gələn düşüncəsiz modelləri götürməkdə birinci yerdəyik. Ona görə də xaricdən gələn modellər araşdırılmalı və sonra tətbiqinə icazə verilməlidir. Bizim alimlər, professorlar bu sahədə aktiv olmalı və məqbul olmayan modellərə qarşı çıxış etməlidirlər.
– Belə çıxır ki, bugünkü Azərbaycan insanını hələ ki, Rusiyanın “məhsulu” hesab etmək olar?
– Hələ ki, bəli. Sovet dövrünün insanları yaşayırsa, müəyyən müddət belə də olacaq. Amma gələcək nəsillər tamamilə başqa düşüncədə olacaqlar. Rusiyada isə bu gün də milisə hörmət edirlər və milisə qarşı qorxu yoxdur. Hətta müəyyən məsələlərdə ona kömək etməyə də çalışırlar. Polis sistemində yaxşı adamlar da var. Amma camaatın qarşılaşdığı polislər qanunsuz hərəkətlər etdikləri üçün insanlarda o peşəyə qarşı neqativ fikir formalaşıb.