Regionun geopolitik mənzərəsi özünün gərginliyi ilə müşahidə olunur. Regionda dövlətləri sülhə dəvət edən güclər özlərinin maraqlarını yeritmək üçün istənilən vasitələrlə mübahisəli ocaq yaratmaqda istrarlıdır. Xüsusilə də Fransanın Azərbaycana qarşı əks mövqeyi və ittihamedici çıxışları separatçını və müharibəni dəstəkləməyə yönəlib. Azərbaycan regionun təhlükəsizliyi və sülhün bərqərar olması üçün əlindən gələni edir. Artıq hərbi yolla torpaqlarını azad edib, işğaldan azad olunmuş ərazilərin bərpasına başlayıb və bütövlükdə regionin unkişafına təsir edəcək iqtisadi-sosial layihələrin həyata keçirilməsi planını həyata keçirir. Ermənilərin işğalçı, müharibə ritorikası, ərazi iddiaları və bir sıra ermənipərəst dövlətlərin qərəzli yanaşmaları bu ideyaların qarşısının alınmasına yönəlib. Bu da düşmənlə mübarizənin bitmədiyini ortaya qoyur. Bu istiqamətdə müəyyən təxribatçı hərəkətlər var ki, Azərbaycan ictimaiyyəti siyasi partiya və hökumət orqanları diplomatik və informasiya müharibəsində özünün sözünü deməlidir.
Bu və ya digər məsələlər ətrafında Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev mövcud vəziyyətlə bağlı maraqlı nüanslara toxunub.
- Fuad bəy, mövcud mərhələdə işğaldan azad olunan ərazilərimizdə, eləcə də Azərbaycanın nəzarətində olmayan Qarabağ bölgəsində mövcud vəziyyət nədir, nələr müşahidə olunur?
- Vəziyyət o qədər də yaxşı deyil. Ona görə ki, yanvar ayından başlayaraq regionda olan sülhməramlılar öz fəaliyyətlərinə uyğun olmayan addımlar atmırlar. Əksinə, həmin ərazidə qalan bir qrup separatçı dəstəyə kömək edirlər. Hətta bizim ərazilərimizdə separatçılarla bir yerdə 1941-45-ci ildə faşizm üzərində qələbənin ildönümü ilə bağl 9 may paradı da keçirmək istəyirlər. Bütün bunlar hamısı sülhməramlıların missiyasından kənar addımlardır. Bu mənada regiondakı vəziyyət ürəkaçan deyil. On görə də həm dövlət, həm partiya olaraq çalışmalıyıq ki, dünya ictimaiyyəti bunu bilsin. Biz ALDP olaraq ölkəmizə qarşı atılan bu cür addımları dünyadakı siyasi təşkilatlara, dövlətlərə çatdırmağa çalışırıq. 9 maya bir neçə gün qalıb. Biz sülhməramlıların məlum iddiası ilə bağlı Rusiya səfirliyinə məktub ünvanlamışıq. Sülhməramlı missiya öz işi ilə məşğul olmalıdır. Onlar burda başqasının ölkəsində ayrıca bir ordu, baza olaraq özbaşına parad da keçirə bilməzlər.
Ümumilikdə isə regionlarda bərpa işləri başlanıb. Füzuli aeroportu tikilib, Şuşa şəhərində bərpa işləri gedir. Bu il Şuşa şəhərində Türkdilli Ölkələrin Musiqi Festivalı keçiriləcək. Eləcə də bu günlərdə Zəngilanın Ağalı kəndinin bərpasına start verildi.
- Digər partiyaların bu məsələlərdə birgə çıxışı, aidiyyatı beynəlxalq qurumlara müraciətləri varmı?
- Bu istiqamətdə başqa partiyaların nə etməsindən məlumatım yoxdur. Amma biz həm ALDP, həm də vətəndaş mövqeyindən çıxış edərək, bu məsələlərlə bağlı mövqeyimizi bildiririk. Qeyd edim ki, ümumilikdə 44 partiya birgə bəyanat yaymışdı. Amma daha sonra başqa partiyaların hansı mövqe sərgiləməsi ilə bağlı birgə bəyanat yoxdur.
- Fuad bəy, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun 9 may paradından dərhal sonra Bakıya səfər etməsi nə ilə bağlıdır. Bu, Qarabağda keçiriləcək paraddan sonra Azərbaycanı sakitləşdirmək cəhdləri ola bilər, yoxsa Ermənistanla münasibətlərini qaydasına salmaq üçün ona növbəti dəstəyin verilməsi nəzərdə tutulur?
- Düşünmürəm ki, əgər sülhməramlılar 9 mayda Qarabağda parad keçirsələr Lavrovun Bakıya səfəri bizi sakitləşdirsin. Parad baş tutarsa, etirazalar daha çox olacaq. Mən belə başa düşürəm ki, əgər Lavrov mayın 10-11-i gəlirsə, mümkündür ki, parad olmasın və cəmiyyətin etirazlarını bilməmiş deyillər. Aprel ayında da dövlət başçılarının görüşü olmalıydı, amma alınmadı. Çünki Ermənistanda növbədənkənar parlament seçkilərinıə hazırlıq gedir. Bu gün Paşinyan baş nazir vəzifəsinin səlahiyyətlərini icra edir. Görünən odur ki, ermənilər Baydenin açıqlamasından sonra daha da radikallaşıblar. Yenə də iddia edirlər ki, müharibə bitməyib, əraziləri qaytaracağıq və sair. Ola bilər ki, Sülh prosesinin sürətləndirilməsi üçün Lavrov rəsmi Yerevana Putinin mesajlarını çatdırsın. Çünki Ermənistan üçtərəfli bəyanatın müddüəlarını yerinə yetirmir. Biz bəyanatda qeyd olunan bütün bəndləri yerinə yetiririk. O ki qaldı Lavrovun Azərbaycana hansı “baqaj”la gəlib, nələri razı salacağına, düşünürəm ki, Azərbaycan artıq öhtəsinə düşəni edir. Bəyanat imzalanıb, sosial-kommunikasiya xətlərinin açılması ilə bağlı razılıq əldə olunub. Ona görə də burda bizim narahatçılığımız yanvar ayından başalayaraq daha da çoxaldı. Sülhməramlılar öz missiyasını yerinə yetirmirlər, Qarabağda qalan separatçılar çıxmayıblar və istənilən vaxt müəyyən adamlar Ermənistandan Qarabağa gəlib separatçılarla görüşürlər. O ki qaldı Azərbaycanın nəyəsə razı salınmasına, Qrabağın qondarma prezidenti beynəlxalq cinayətkar olduğuna görə bizə təhvil verilməlidir. Eləcə də separatçılar Laçın dəhlizindən çıxarılmalıdır. Burda Azərbaycana yeni təklif ola bilməz. İnanıram ki, Qarabağ separatçılardan təmizlənəcək.
- Bir sıra müxalifət partiyası əslində hansısa ərazilərin ermənilərə verilməsini, nəyə görə azərbaycanlıların öz yerlərinə qaytarılmamasını, əkin-biçin edən müəyyən şirkətlərə icazə verildiyi halda nəyə görə əhali üçün bu imkanın yaradılmamasını şübhəli məqamlar kimi önə çəkib hökumətin xalqdan nələrisə gizlətdiyini deyirlər. Nədir şübhəli məsələ. Bu cür çıxışlar nə dərəcədə doğru yanaşmadır?
- Müharibə dövründə və müharibədən sonra regionla bağlı bəzi feyk xəbərlər yayılırdı və bizim bəzi müxalif partiya sədrləri həmin o xəbərləri əsas tutub öz narazılıqlarını bildirirdilər. Bunlar əsassızdır. Bundan da qabaq deyirdilər ki, sülhməramlılar erməniləri razılaşmaya əsasən o üç rayondan çıxarmayacaqlar. Amma tədricən göründü ki, bəyanatda əks olunan bəndlər həyata keçirildi. Ermənilər bir güllə atılmadan Kəlbəcər, Ağdam, Laçından çıxarıldı. Məsələn, biz Ağdam səfərinə getdik və gördük ki, bu şəhər yerlə-yeksan olunub, yoxdur. Burda bərpa işləri aparılmalıdır. Orda minalanmış hektarlarla torpaqlar təmizlənməlidir. Təbii ki, minalar təmizlənib, abadlaşma işi aparılandan sonra biz bütün rayonlarımıza köçəcəyik. İstər Xankəndinə, istərsə də digər rayonlarımıza. Bu, çox da uzaq tarixdə olmayacaq. Sadəcə erməninin saxta feyk xəbərlərinə görə yox, bizim rəsmi mənbələrə istinad etsək daha yaxşı olar. Amma sözsüz ki, biz narahatlığı da səsləndirməliyik ki, dövlət ayıq-sayıqlığını itirməsin.
- Xəbərlərin sırasında iyun ayında Azərbaycan əhalisinin Xankəndiyə qayıtması ilə bağlı fikirlər var. Erməni mənbələri bu xəbərdən narahat olduqlarını bildirir və hətta “türkonikol” adlandırdıqları Paşinyanın bunun üçün şərait yaradacağını da deyirlər.
- Bu, erməni məlumatlarıdır. Amma dediyim kimi, bizim Xankəndiyə qayıtmağımız gec olmayacaq. Ermənilər iyun ayında nələrinsə olacağından danışırlarsa, yəqin ki, o ayda nələrinsə baş verəcəyini gözləyirlər. Amma erməni mənbəsinə istinadən şərh vermək istəmirəm. İyun ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Yeni parlament, yeni baş nazir seçilə bilər. Məlumdur ki, Paşinyanın namizədliyi qəbul olunmadı. Hər şey ola bilər. Paşinyan çalışır ki, Rusiyadan dəstək alsın, hamı bilir ki, o SOROS-un adamıdır. Son sorğulara görə Köçəryanın da şansı ola bilər. Ona görə də nə baş verəcəyi bilinmir. Bütün hallarda erməni silahlıları Xankəndi və digr ərazilərdən mütəq çıxacaqalar.
- Putin Makronla telefon danışığı zamanı Dağlıq Qarabağ məsələsini müzakirə edib və yaxın vaxtlarda problemin həlli ilə bağlı Minsk qrupu çərçivəsində birgə təşəbbüslə çıxış edəcəkləri ilə bağlı fikir bildiriblər. Keçmiş həmsədr dövlətlər Minsk Qrupu formatını bərpa etmək istəyir. Bu barədə nə deyərdiniz?
- İnanmıram ki, Fransa və Amerika bundan sonra Minsk Qrupu formatında aktiv fəaliyyətə başlasın. Minsk Qrupu artıq keçmişdə qalıb. 30 il müddətində bölgəyə səfərlər edən həmsədrlər heç bir hərəkət edə bilmədi. Amma inanmıram ki, Putinin imzaladığı bəyanatdan sonra kiminsə regiona daxil olamasına icazə verilsin. Dövlət başçısı İlham Əliyev də deyib ki, Minsk Qrupu artıq tarixə qovuşub. BMT-nin 4 qətnaməsini Azərbaycan özü həyata keçirib. Bütün hallarda münaqişə ocağını yenidən bərpa etməyə çalışırlar. Amma onların nə istəməsindən asılı olmayaraq Azərbaycan öz torpaqlarının sahibidir. Həm siyasi təşkilatlar, Azərbaycan hökuməti, həm də dövlət strukturları Fransa ictimaiyyəti ilə işləməliyik. Baxmayaraq ki, ermənilərin Fransada çox güclü diasporası var. Buna baxmayaraq işləməliyik. Hərbi müharibə bitsə də, informasiya və diplomatik mübarizə aparılmalıdır.
- Rusiyanın Azərbaycanı Avrasiya İqtisadi İttifaqında cəlb etmək istəyi yenidən gündəmdədir. Bu barədə nə fikirdəsiz?
- Azərbaycan Avrasiya İttifaqına qoşula bilməz. Çünki Qarabağ münaqişəsi hərblə həll olunsa da, hələ də erməni silahlıları ərazilərimizdə qalır, düşmənçilik iddiasında olan qonşu dövlət olaraq iddialarından əl çəkmirlər. Ona görə də hələ müzakirə mövzusu ola bilməz. Hələ ki, Naxçıvanla yollar açılmalı, Zəngızur dəhlizi inşa edilməli, separatçılar Qarabağdan çıxarılmalı, Laçın dəhlizinə Azərbaycan Gömrüyü nəzarət edilməlidir. Ölkə sərhədində və daxilində tam təhlükəsiz mühit yarandıqdan sonra bu barədə düşünmək olar. İndiki mərhələdə belə bir təşkilata qoşulmaq bizm üçün əlverişli deyil.
- ADP belə bir təklif irəli sürüb ki, faşizm üzərində qələbənin ildönümü ilə bağlı Rusiyanın Qarabağda keçirmək istədiyi parada yol verilməməsin, yalnız qardaş Türkiyə və Pakistanla birlikdə Şuşada hərbi parad keçirilsin. Buna fikriniz nə olacaq?
- Bu normal təklifdir. Bu paradı nəinki Şuşada, elə Bakıda da keçirmək olar. Bizim partiyanın da təklifi bu olub ki, 8 mayda Şuşada karifeylərimizin musiqiləri səslənsin. Biz 9 may tarixini faşizm üzərində qələbə kimi qeyd edirik. Azərbaycan da erməni faşizmi üzərində qələbə çalıb. Məntiqli olar ki, biz həm erməni faşizmi üzərindəki qələbəmizi, həm də alman faşizmi üzərində əldə olunan qələbəni bir yerdə qeyd edək. Amma bu paradı ruslar yox, 44 günlük müharibədə Azərbaycanın yanında olan Türkiyə, İsrail, Pakistanla birlikdə keçirdə bilərik.