Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin son müsahibəsində "iqtidarın əgər kadr problemi varsa, onda müxalifət nümayəndələrinə bir şans verilsin, onları vəzifələrə gətirsin” fikirlərinə aydınlıq gətirərək ALDP Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a açıqlama verib.
Onun sözlərinə görə ALDP sədrin açıqlaması birmənalı qarşılanmayıb:
“Əvvəla, bizə vəzifə təklifi olunmayıb. Fuad müəllim hakimiyyətin kadr potensialın tükənməsilə bağlı açıqlamasında bildirib ki, əgər kadr problemi varsa, onda müxalifət nümayəndələrinə bir şans verin, onları vəzifələrə gətirin. Bu sözlərə niyə başqa reaksiya verirlər? Fuad müəllim tekcə liberal-demokratlara vəzifə verin deməyib. O, ümumilikdə bütün müxalifəti nəzərdə tutub. Hesab edirəm ki, bu çox düzgün təklifdir və burda başqa bir məna axtarmaq lazım deyil”.
Nizami Verdiyev hesab edir ki, hakimiyyət tərəfindən müxalifətə və konkret ALDP-yə vəzifə təklif olunsa, bu təklifi qəbul etmək lazımdır:
“Hesab edirəm ki, müxalifətə belə təklif olunarsa, təklifi qəbul etmək lazımdır. ALDP-yə hansısa təkliflər olunsa, biz bu təklifləri dəyərləndirərik. Biz özümüzə arxayınıq. Biz hətta Bakı şəhərində Mer seçkiləri keçirilsə belə, qalib olacağımıza əminik. ALDP yetərincə kadr potensialına malikdir. Bütün sahələr üzrə peşəkarlarımız var. Hüquqi, demokratik dövlət quruculuğu prosesində ancaq hakim partiyanın potensialından, gücündən istifadə etmək düzgün seçim deyil. Müxalifət düşərgəsində də savadlı, peşəkar kadrlar var. Onların gücündən də istifadə etmək lazımdır”.