Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı cəfəng hesabat hazırlayıb. Hesabatda Azərbaycanda insan hüquqlarının pozulduğu bildirilir, üstəlik, Azərbaycanın hərbi sahədə qazandığı uğurlara ləkə yaxma cəhdləri var.
Azərbaycanın siyasi partiyaları ABŞ Depatramentinin bu qərəzli hesabatını pisləyib. Bununla bağlı Versus.Az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev məlum hesabatda Azərbaycanla bağlı hüquq pozuntularının həddindən çox şişirdildiyini bildirib.
“Azərbaycanda insan hüquq və azadlıqların pozulması faktları olub və yaqin ki, olacaq. Amma məsələ hesabatda göstərilən kimi deyil, bunu çox şişirdiblər. Hesab edirəm ki, ABŞ Dövlət Departamentinin insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatında Azərbaycanla bağlı fikirlər çox qərəzlidir. ABŞ Dövlət Departamentinin, ondan qabaq Fransanın və Almaniyanın verdiyi bəyanatlar bir mərkəzdən hazırlanır. ABŞ-ın özünü götürək, 2019-2020-ci illər ərzində 100-ə qədər insan, xüsusilə də qaradərililər qətlə yetirilib, nə qədər insan həbs olunub, zor tətbiq edilib. Digər Avropa ölkələrində də biz bunların mütəmadi şahidiyik. Bu il 8 martda Avropanın bir neçə şəhərində feminist qadınların təşkil etdiyi yürüşlərdə polis mitinqi rezin güllələr və su şırnaqları ilə dağıdıb”.
Fuad Əliyev bildirib ki, uzun illərdir azərbaycanlıların hüquqları pozulmuşdu və bu illər ərzində bizim qaçqınların hüquqlarının pozulması ilə bağlı bir cümlə də hesabatda heç nə yazılmamışdı:
“Hesabatda deyilir ki, Azərbaycan hökuməti tətbiq etdiyi hərbi vəziyyətdə hərəkət və məlumata çıxış azadlığını məhdudlaşdırıb. Birincisi, müharibə gedən zaman belə də olmalı idi. İkincisi, bunu bizim daxili işlərimizə qarışmaq kimi qiymətləndirirəm”.
ABŞ-ın yeni Administrasiya formalaşdırdığını vurğulayan ALDP sədri qeyd edib ki, ilk qərarlardan biri Tramp administrasiyasının terrorist təşkilatlar kimi tanınan iki grupunu bu siyahıdan çıxartmaq olub:
“Yenə də Avropaya diktə edirlər. İran, Çin və Rusiya ilə münasibətlərin gərginləşməsini müşahidə edirik. ABŞ yenə də dünyanı bir qütblü görmək istəyir. Hesab edirəm ki, bu, onların istəyi kimi qalacaq, çünki mümkün olan şey deyil. Dünya deyişib.
Bizimlə bağlı deyə bilərəm ki, Azərbaycana nə isə diqtə etmək, təzyiq göstərmək əbəsdir. Azərbaycan müstəqil siyasət yürüdür. Hətta ölkəmizdəki insan haqlarının vəziyyətini yalandan şişirtməklə də Azərbaycandan nəsə əldə etmək qeyri-mümkündür. Əgər Amerika Azərbaycanla bərabər səviyyəli münasibətləri davam etdirmək istəyirsə, bu cür təzyiq metodlarından çəkinməlidir”.