Xəbər-PS məlumatına görə, Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ilə Azərbaycanın siyasi durumuna dair bir çox məsələləri təhlil ediblər.
Əvəz Zeynallının Mərkəzi Bankın yeni binasının tikilməsinə 450 milyon manatın xərclənməsi nəzərdə tutulmasını bildirərək, ALDP sədrindən buna münasibətilə bağlı maraqlandı. Fuad Əliyevin münasibəti belə oldu:
“Baxın, cəmiyyətdə bu xəbər necə qarşılandı. Hamı öz etirazını bildirdi. Mərkəzi Bank üçün bu bina xalqımıza 400 milyon manatdan (218 milyon avro) artıq başa gələcək. Bunun əvəzinə şəhid ailələrinə, qazilərə, veteranlara veriləcək təqaüd və müavinətləri ciddi şəkildə qaldırmaq olardı.”
“İctimaiyyətin birmənalı rəyi nəzərə alınaraq israfçılığa son qoyulmalı, bu binanın tikintisi üçün nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilməlidir”- ALDP sədri bildirib.
Sosial problemlərə toxunan ALDP sədri bildirib ki, qələbəmizdən sonra qazilər və şəhid ailələri xoşagəlməz problemlərlə üzləşdilər:
“Əlillik qrupu almaq üçün onları get-gələ salırlar. Əlilliyi sübut etmək üçün saatlarla növbədə dururlar. Ayağı, qolunu itirənlər, dünya işığına həsrət qalanlar hər il üç komissiyadan keçirlər ki, aldığı əlillik qruplarını təsdiq etsinlər. Bu məmurlar fikirləşirlər ki, bir ilə əlilin ayağı, qolu yerinə gələcək, gözləri açılacaq."
Fuad Əliyevin sözlərinə görə, bəzi məmurlar qazi və onların ailə üzvlərindən əlillik qrupu almaq üçün rüşvət tələb edirlər:
"Bəzi məmurlar isə - “almısan 8 min, o puldan bizə də ver sənə əlillik qrupu yazaq”- deyirlər!".
İşğaldan azad olunan Qarabağa səfərdən söz açaraq, Fuad Əliyev, Şuşa şəhərində partiyaların dəyirmi masa keçirilməsini nəzərdə tutduğunu qeyd etdi:
“Bəli, Qarabağa səfər etməyi planlaşdırıram. Partiya rəhbərliyi bunu yay aylarına planlaşdırır. Azad olunan şəhərlərin birində, misal üçün, Şuşada dəyirmi masa təşkil etməyi düşünürük.”