Xəbər-PS məlumatına görə, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rusiya təbii qazının Azərbaycandan keçirilərək Ermənistan ərazisinə ötürülməsi ilə bağlı Versus.az-a münasibət bildirib.
“Azərbaycan yenə də öz humanist addımlarını atır. Ermənistana ötürülən qazın bizim ərazimizdən keçirilməsinə icazə verilib. Yəqin ki, bunu normal qonşuluq çərçivəsində qiymətləndirmək olar. Amma mən sual vermək istəyirəm - Azərbaycan Ermənistanla bağlı daha nə qədər humanist addım atmalıdır ki, onlar vandal, düşmənçilik hərəkətlərindən əl çəksinlər?! Başa düşürəm, Ermənistandan fərqli olaraq Azərbaycan normal qonşuluq siyasəti yürütmək istəyir, müharibə istəmir. Və biz bunu edirik. Amma görək Ermənistanın münasibəti necədi. Ermənistan bizim ona uzatdığımız əli istəmir. Nə vaxtadək belə olmalıdır? Nə vaxta qədər Ermənistanı razı salmağa çalışmalıyıq. Nə vaxta qədər Ermənistanın bizə qarşı nifrətini görəcəyik? Ona görə də belə humanist addımları atmazdan öncə Ermənistanın qarşısında şərt qoymaq lazımdır. O şərtlər noyabrın 10-da da qoyulub, bəyanata imza atılıb. Ermənilər silahlı qüvvələrini ərazilərimizdən çıxarmalı idi. Üç ölkə bu bəyanata imza atdı və Azərbaycan bəyanatda göstərilən müddəalara əməl edir. Amma görürük ki, ermənilər bu bəyanata əməl etmirlər, pozurlar. Gələcəkdə hansısa humanist addım atmazdan öncə tələb etməliyik ki, ermənilər şərtlərə əməl etsinlər. Ən azı torpaq iddiasından əl çəkməlidilər. Ermənilər Azərbaycan ərazilərinə, ümumiyətlə Qafqaza gəlmə xalqdır. Gəlmə olduqlarını anlamalıdılar. Normal qonşu olmaq istəyirlərsə, bu fikirlərindən əl çəkməlidilər, şərtlərə əməl etməlidilər. Əks təqdirdə, Azərbaycan nəinki humanitar addımlar atmamalıdır, antiterror əməliyatları həyata keçirməlidir.”