Xəbər-PS məlumatına görə Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev növbəti əfv sərəncamına münasibət bildirdi.
Fuad Əliyev əfv edilənlər arasında bəzilərin elan etdiyi bir sıra siyasi məhbus, həmçinin Nardaran hadisələrinə görə həbs olunanların bir qrupunun adlarının olması, olduqca müsbət addım kimi qiymətləndirdi:
“Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.”
ALDP sədri əfv qərarı ölkənin ictimai-siyasi həyatında mövcud olan birlik ab-havasının daha da güclənməsinə təsirsiz ötüşməyəcəyini qeyd etdi.
Daha sonra ALDP sədri Fuad Əliyev Nardaran kəndində qurulan polis postların ləğvi ilə bağlı prezident İlham Əliyevə müraciət etdi:
“Mən bu əfv qərarında bir məqama toxunmaq istayirəm. Qeyd olunan kimi, Nardaran hadisələrinə görə həbs olunanların bir neçə nəfəri əfv olunub. Arzu edirəm ki, digərləri də yaxın zamanda azadlığa qovuşsunlar. Nardaran hadisələrdən 5 ildən çox vaxt keçdiyinə və bir neçə nəfərin əfv olunduğuna görə Nardaran kəndində qurulan polis postların ləğvi növbəti addım olmalıdır. Nardaran camaatı çox müdrikdir. Mən prezident İlham Əliyevdən xahiş edirəm ki, bu Novruz bayram günlərində Nardaran camaatını bir daha sevindirərək polis postların ləğvilə bağlı qərar versin. İnanıram ki, Nardaran cəmaatı polis postlarının ləğvini müsbət qiymətləndirəcək.”