“Ölkədəki dialoq mühiti siyasətdə yeni konsolidasiyalara və demokratik ənənələrin inkişafına yol açır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasına 6 siyasi partiyanın qoşulması ölkəmizdə dialoq mühitinin daha da dərinləşməsinə xidmət edir. Hesab edirəm ki, bu qoşulma faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Fuad Əliyev deyib ki, siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi ictimai rəydə hakimiyyətin nüfuzunun daha da artmasından xəbər verir:
“Eyni zamanda, ideoloji cəhətdən bir-birinə yaxın olan digər partiyaların da birləşməsi baş verə bilər. Ona görə ki, demokratik cəmiyyətin inkişafında siyasi qüvvələrin inteqrasiyası normal haldır. Bir məqamı da qeyd edim ki, siyasi partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiəsi üçün yeni imkanlar yaradır”.
ALDP sədrinin sözlərinə görə, ölkədə aparılan iqtidar-müxalifət dialoqu siyasi sistemin inkişafına öz müsbət təsirini göstərəcək:
“Bu istiqamətdə atılan addımlar milli həmrəyliyə və sağlam dialoqa xidmət edir. Sözsüz ki, siyasi dialoqun daha da inkişaf etdirilməsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi öz səmərəli fəaliyyəti ilə xüsusi rol oynayır”.