Partiya sədri: Onların haqqını indi biz qorumalıyıq

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Hikmət Paşaoğlunun müəllifi olduğu “Açıq söhbət” verlişin qonağı olub. Verlişdə ictimai-siyasi mövzuda fikir mübadiləsi aparılıb.

ALDP sədri bildirib ki, bir tərəfdən dövlət təşkilatlarında maaşlar qaldırılır, digər tərəfdəndə bazarda qiymətlər qalxması müşahidə olunur:

“Dövlət başçısına hesabat verirlər ki, müəllimlərin, həkimlərin maaşları və pensiyaları qaldırmışıq. Bunu deyirlər. Bəs, ərzaqların və digər məhsulların qiymətlərinin qalxmasını niyə demirlər? Bir ərzağın qiyməti ayın əvvəlində və ayın sonunda olan qiymətlə böyük fərq var.  Maaş və pensiyaların artırılması vətəndaşlara heç bir xeyir gətirmir.”

Fuad Əliyev hesab edir ki, məmurların belə addımları vətəndaşların birbaşa dövlət başçısından narazılıqlar yaranmasına gətirib çıxardır.

“Görünən odur ki, icra başçıları, məmurlarda qorxu yoxdur. Keçən iki il ərzində bir neçə məmur və icra başçısı həbs olundu. Bəyəm bu həbslər digərlərə dərs oldu? Yox, olmadı. Çünki əmlakı müsadirə olunmayıb, oğurladığı pullar dövlətə qaytarmayıb. Həbs müddətində də “bəy” kimi günləri keçirdilər. Amma məmurun adı korrupsiyada hallanırsa, mütləq cəza almalıdır, əmlakı müsadirə olunmalıdır və oğurladığı pullar dövlət büdcəsinə qaytarılmalıdır. Bu mexanizm işləsə onda digəri biləcək ki,  onun da aqibəti əvvəlki kimi olacaq”-ALDP sədri qeyd etdi.

“AMEA-da Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsinin yaradılması, Mehdiyevin siyasi partiyalarla bu yolla əlaqələr qurmaq və paralel idarəçilik həyata keçirmək niyyəti güddüyünü hesab edənlər var. Partiyaların yaranması, necə formalaşması, fəaliyyəti, nəticələri barədə bir elmi araşdırmaya ehtiyac var. Əgər AMEA-da məhz bu işlə məşğul olacaq şöbə fəaliyyət göstərəcəksə, belə bir şöbənin yaradılmasını təqdir eləmək olar. Misal üçün, partiyaların tarixi ilə bağlı məlumatlar əldə etmək istəyəcəklərsə müraciət edə bilərlər. Düzgün Azərbaycan tarixini yazsalar, onda mənim adımı ən gənc prezidentliyə namizəd kimi qeyd etməlidirlər. Amma hansısa dövlət qurumu ilə paralel qurum yaratmaq məqsədi güdüləcəksə, bizim partiya ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.  Prezident Administrasiyasında Siyasi Partiyalar və qanunverici orqanla iş şöbəsi yaradılıb.  Və həmin şöbə ilə siyasi partiyalar arasında yaxşı münasibətlər qurulub və səmərəli şəkildə inkişaf edir. Elmlər Akademiyasında yaradılan şöbə ümid edirəm ki, sırf elmi fəaliyyətlə məşğul olacaq.”-Fuad Əliyev bildirdi.

Cəbhə bölgəsində xidmət edən hərbi qulluqçuların kəsilən maaşlarına əlavələrə münasibət bildirən ALDP sədri bunu bildirib:

”Bu xoşagəlməz məsələlərə cəmiyyətimiz vaxtında reaksiya verdi. Hamılıqla buna etirazımızı bildirdik. Və çox xoşdur ki, bu məsələ öz həllini tapdı. Biz cəmiyyət olaraq şəhidlərə, qazılərə, bizə qələbə sevinci yaşadanlara əsgər və zabitlərə borcluyuq. Onların haqqını indi biz qorumalıyıq”

0.095603942871094