Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev siyasi partiyaların bir-biri ilə əlaqələri və münasibətlər sistemindəki durumu barədə Xəbər-PS -a danışdı.
Nizami Verdiyev siyasi partiyalar arasında əməkdaşlıq münasibətlərinin sağlam məcrada qurulması və uğurlu bir nəticənin alınması üçün birinci növbədə liderlərin ictimaiyyətə təqdim etdiyi məqsəd və məramlarına sadiq qalmalarını vacib sayıb. O, yeni toparlanan ictimai-siyasi kəsimin öncə vətən, dövlət, xalq qarşısındakı məsuliyyətini doğru-düzgün müəyyən etməsini mühüm sayıb.
Nizami Verdiyevin sözlərinə görə, hadisələrin gedişi göstərir ki, müxalifətdəki bəzi qurumlar, fərdlər hələ də keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmayıb. Hələ də partiyaların bir çoxunda proseslərə, birliklərə qeyri-səmimi yanaşma və daha çox dağıdıcılıq xarakterli əməllər müşahidə olunur.
O, bildirib ki, bir çox hallarda türkçülük, millət, xalq, demokratiya, bütövlük və cəsarətdən ağızdolusu danışanlar əməldə bu ideyalardan uzaqdırlar:
“Bəzi partiya sədrləri mikrafon, kamera görən kimi "aktyorluq" edirlər. Təklif vermək əvəzinə boş-boş danısırlar. Bəziləri isə özlərini "aparıcı" fiqur hesab edir və iş görmək əvəzinə intriqalarla məşğuldurlar. Misal üçün, Azərbaycan türkü olmayanlar türkçülükdən danısırlar”.
Nizami Verdiyev hesab edir ki, siyasilərin problemlərə qeyri-səmimi münasibət sərgilədiyi bir vaxtda istənilən normal əlaqələrin, əməkdaşlıqların qurulmasından söz gedə bilməz:
“Təbii ki, müəyyən partiyalarla əlaqələrimiz var və onu genişləndirməkdə maraqlıyıq. Ancaq biz demokratiyanın, insan hüquq və azadlıqlarının qorunması istiqamətdə birgə addımları atmağa hazırıq. Bir-birimizi arxadan vurmaqla heç nəyə nail ola bilmərik. Ona görə də, bir çoxlarının əsəbləri tarıma çəkilir və hadisələri kənardan izləməyi daha məqsədəuyğun hesab edirlər. Amma bir araya gəlməməyə, sağlam əməkdaşlıqdan qaçmağa haqqımız yoxdur. Nəhayət siyasi partiyalar bu barədə ağılla düşünməlidir”.