“Bu Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir”.
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova Baku News-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan Biznes Forumu və İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da inkişafına təkan verəcək:
“Demək olar ki, Azərbaycanla qardaş Türkiyə arasındakı müttəfiqlik münasibətləri yüksək səviyyədədir. Bu baxımdan, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir".
Dinarə Məmmədova deyib ki, işğaldan azad olunmuş ərazilərin bərpasında qardaş Türkiyə dəstək verəcək:
"Artıq işğaldan azad olunan ərazilərdə bərpa işləri gedir. “Ağıllı kənd” layihəsinin təməli qoyuldu, yollar tikilir, elektrik stansiyaları tikilir, hava limanlarının təməli atılır. Bu işlərdə yerli şirkətlərlə bərabər, Türkiyənin dövlət və özəl şirkətlərinin iştirakı da təmin olunur. Türkiyə şirkətləri artıq azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrasında iştrak edirlər".