"30 ildən çoxdur ki, Azərbaycana qarşı təcavüzkar siyasət aparan düşmənlərimiz özgə torpaqlarında əbədi hakim olmayacaqlarını yəqin etdikləri üçün həmin ərazilərdə vandallıq törətməklə yanaşı, həm də hər yeri minalayıblar. Biabırçı məğlubiyyətlə üzləşməsinə baxmayaraq, Ermənistan minalı sahələrin xəritələrini verməməklə daha bir hərbi cinayətə qol qoyur".
Bu fikirləri “Yeni Azərbaycan”-a verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Fuad Əliyev deyib ki, beynəlxalq qanunvericiliyi və konvensiyaları pozduğuna görə Ermənistan mütləq cavab verməlidir:
"Başqa dövlətin ərazilərində hərbi təyinatı olmayan ərazilərin minalanması və minalanmış ərazilərin xəritələrinin təqdim edilməməsi təkcə ölkəmizə qarşı deyil, bəşəriyyətə qarşı cinayətdir. Liberal Demokrat Partiyası olaraq həmin cinayətlərlə bağlı beynəlxalq qurumlara müraciət etmişik. Bu sənədlərdə uzun illər hərbi xunta rejimi ilə idarə edilən monoetnik Ermənistanın cinayətkar mahiyyətini, faşizm metodları ilə bəşəriyyətə qarşı törətdiyi cinayətləri göstərmişik".
ALDP sədrinin sözlərinə görə, düşmənin mülki vətəndaşlarımızın həlak olmasına, məcburi köçkünlərin həmin ərazilərə qayıdışının çətinləşdirilməsinə yönələn məkrli məqsədləri də hərbi cinayətdir:
"Amma məğlub Ermənistan bu niyyətinə çatmayacaq. Dövlətimiz planlı şəkildə əraziləri minalardan təmizləyəcək, məskunlaşmanı təmin edəcək. 44 günlük müharibədə bir yumruq kimi birləşən Azərbaycan xalqının, cəmiyyətimizin, o cümlədən siyasi qüvvələrin dəstəyi ilə Qarabağa böyük qayıdışın həyata keçirilməsinin qarşısını heç bir maneə ala bilməyəcək. Çünki biz həmin birliyin və həmrəyliyin sayəsində müharibədə qalib gəlmişik”.