Çox istərdim ki, onunla Bakıda görüşüm

1996-cı ildən bəri Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin son günlər Azərbaycana qayıdacağı yönündə iddialar səslənir. 73 yaşlı R.Quliyevin ölkəsinə qayıdışına pozitiv yöndə yanaşanlar çoxluq təşkil edir.

 

Onlar hesab edirlər ki, 25 ildən çoxdur Amerikada yaşayan və yaşı 70-i ötən bir şəxsin bundan sonra həyatını doğma vətənində yaşaması daha məqbul olardı. Eyni zamanda, vaxtı ilə sabiq spikerə qarşı irəli sürülən ittihamlar da müzakirə edilir. O qayıdarsa, ölkə siyasətində nələrisə dəyişə biləcəyi barədə də suallar meydana çıxıb.

 

 

ALDP rəhbəri Fuad Əliyev düşünür ki, Rəsul Quliyevin Azərbaycana qayıtması üçün heç bir maneə yoxdur: “Vaxtı ilə onunla müttəfiq olduğuma görə və yaxından tanıdığım üçün bilirəm ki, ona qarşı sürülən ittihamlar əsassız idi. İndi də normal və xoş münasibətlər var. ABŞ-da olanda Rəsul müəllimlə zəngləşirdik, vaxtı olanda görüşürdik. Çox istərdim ki, onunla Bakıda görüşüm. Baxmayaraq ki, son vaxtlar fəaliyyəti aktiv deyildi, amma çox təcrübəli siyasətçidir.  Hakimiyyət onun qayıdışına imkan yaratsa, bir daha iqtidarın müxalifətə münasibətinin müsbət dəyişməsinin şahidi olarıq. Rəsul Quliyevin 2008-ci ildə keçirilən prezident seçkilərində rəsmi olaraq İlham Əliyevə dəstək verməyini, son kadr dəyişiklərini müsbət qiymətləndirməsini, onun barışıq əlini uzatması kimi qiymətləndirmək olar. Məncə bu xoş niyyətlə uzadılan əlini sıxmaq vaxtıdır”.

/Yeni Müsavat/

0.090507030487061