Azərbaycanın müxalif partiya liderləri indiyədək işğaldan azad olunmuş ərazilərə səfər etməyiblər. Onların Qarabağa nə zaman gedəcəkləri haqda açıqlamalarına rast gəlinmir.
Xəbər-PS məlumatına görə “Yeni Müsavat” ölkə müxalifətindən azad edilmiş yerlərə getmək üçün aidiyyəti qurumlara müraciət edib-etməmələri ilə maraqlandı.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin planlarında bu, yer alır:
“Bəli, Qarabağa səfər etməyi planlaşdırıram. Partiya rəhbərliyi bunu yay aylarına planlaşdırır. Dövlət nümayəndələrinə səfərlə bağlı müraciət etməyi düşünmürəm. Və niyə də etməliyəm? Bəyəm biz Azərbaycanın bölgələrinə səfər edəndə kimdənsə icazə alırıq? Digər partiyalarla birlikdə səfər etmə məsələsinə gəlincə, bu barədə fikirləşməmişik. Təklif olsa onu dəyərləndirərik. Amma azad olunan şəhərin birində, misal üçün, Şuşada dəyirmi masa təşkil etmək olardı. Bu barədə düşünmək olar”.