Son günlərdə dünya bazarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Sözsüz ki, bu durum neft ixrac edən ölkələrə gələn gəlirlərin birbaşa azalması ilə nəticələnir ki, bu da Azərbaycanı narahat etməyə bilməz. Bəllidir ki, neft ixrac edən dövlətlərdə iqtisadiyyat böyük ölçüdə neftdən gələn gəlirdən asılı olur. Bu gəlir azaldığı zaman ən çox problemi əhali yaşayır. Sosial narazılıqlar da bu zaman daha çox baş qaldırır. Bundan da həmin ölkələrin müxalifət düşərgələri yararlanmaq üçün hərəkətə keçirlər. Belə halların indiyə qədər az şahidi olmamışıq. Hətta neftin qiymətinin ucuzlaşmasına sevinənlər, yaxud bunun olmasını arzulayanlar da tapılır. Misal olaraq, ötən ilin yayında neft kəskin şəkildə ucuzlaşdığı bir vaxtda Milli Şuranın iclaslarından birinin görüntüləri sosial şəbəkələrdə yayılmışdı. Həmin kadrlarda qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli silahdaşlarına bunun xəbərini verərək muştuluq istəmişdi. Hətta reallıq hisslərindən kənara çıxaraq, inqilab edəcəklərini demişdi. Zaman kimi də artıq geridə buraxdığımız payız fəslini göstərmişdi...
İndi necə, müxalifət neftimizin dünya bazarında bahalaşmasına sevinir, yoxsa kədərlənir?
"Yeni Müsavat"- a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bunu istəyənlərin xalqa qarşı çıxdığını bildirdi:
“Partiya olaraq, biz həm sevinir, həm də kədərlənirik. Sevinirik, ona görə ki, dövlətimizin gəlirləri artır, əlavə vəsait əldə olunur. Kədərlənirik, ona görə ki, bu əldə olunan əlavə gəlirlər vətəndaşın güzəranının yaxşılaşmasına yönəlmir. Təqaüdçülərin, müəllimlərin, həkimlərin, sosial baxımından aşağı səviyyədə olan ailələrin aldıqları pensiya, maaş və yardımlara əlavələr olsaydı, biz də sevinərdik. Şəhid ailələri və qazilərə aldıqları pensiyalara əlavələr olunsaydı, hamı buna sadəcə sevinərdi. Amma təəssüf ki, bu belə deyil. Əldə olunan vəsaitlər şişirdilmiş layihələr vasitəsilə məmurların ciblərinə gedir. Bunun qarşısı alınmalıdır. Amma istənilən halda neftin qiymətinin ucuzlaşmasına sevinmək, bundan öz şəxsi maraqlarına görə istifadə etmək xalqa qarşı çıxmaqdır. Bizim büdcənin böyük hissəsi neftdən asılıdır. Əgər neftin qiyməti aşağı düşsə, deməli bütün sosial yardımlar dayanacaq, bu da vətəndaşlara birbaşa təsir edəcək. Sonda bir daha qeyd edirəm ki, buna sevinənlər xalqa qarşı çıxırlar”.