İkinci Qarabağ müharibəsindən sonra şanlı qələbə qazanan Azərbaycan regionda və postsovet məkanında həm nüfuzunu artırdı, həm də bir sıra beynəlxalq layihələrə imza atdı. Azərbaycanın qələbəsini və uğurunu, artan nüfuzunu həzm edə bilməyən bir sıra Qərb dairələri isə bu günə qədər də ikili standartlar yürüdür, hər fürsət düşən kimi anti-Azərbaycan addımlarına müxtəlif oyunçuları cəlb edirlər. Rəsmi Bakının müstəqil xarici siyasət kursu və regionun inkişafı üçün atdığı addımlar Qərbin siyasi dairələri tərəfindən qısqanclıq və paxıllığa səbəb olur, Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarını baltalamaq, regionun nəqliyyat infrastrukturunun blokdan çıxarılması prosesini ləngitmək kimi həmlələrə əl atılır. Bunun üçün isə Qərb artıq marionetinə çevrilmiş erməni baş nazir Nikol Paşinyandan və oyuncaq kimi istifadə etdiyi hakim partiyadan istifadə edir.
Qərbin ikili standartları bu yaxınlarda Azərbaycanda baş tutan və uğurla yekunlaşan COP29 tədbiri ilə yanaşı, Ermənistandakı SMS-lə işdən çıxarma məsələsində də özünü göstərib. BMT-nin iqlim konfransına ev sahibliyi edən və bütün təşkilati işləri peşəkarcasına yerinə yetirən Bakıya göstərilən qərəz, Qərb siyasi dairələrinin ruporu olan mətbuat orqanlarında haqsız tənqidi məqalələr bunu bir daha sübut edir. Ermənistanda isə Paşinyanın SMS-lə vəzifəli şəxsləri işdən çıxarma, hətta müxalifət deputatlarına da bu məsələ ilə bağlı mesaj verilməsi, əslində, demokratiyanın süqutu, diktatorluğun bariz nümunəsidir. Bununla yanaşı, nədənsə bu günə qədər İrəvandakı heç bir Qərb ölkəsinin səfirliyi məsələ ilə bağlı nə açıqlama verib, nə də bəyanat yayıb.
Maraqlıdır ki, Ermənistanda ildə bir neçə dəfə demokratiya adı altında konfrans və forumlar keçirilir, İrəvandakı səfirliklər (söhbət, əsasən, Qərb ölkələrindən gedir) rəhbər səviyyədə təmsil olunur, ölkədə demokratiyanın inkişafından, tərəqqisindən palaz-palaz çıxışlar, bəyanatlar səsləndirilir. Hətta iyun ayında keşiş Baqrat Srbazanın təşkil etdiyi etiraz aksiyasında da belə bir konfrans keçirildi. Erməni polisi səs qumbarasından istifadə edib nümayişçiləri əzsə də, ABŞ və Aİ səfirləri ağızlarına su almaqla yanaşı, binalarının qarşısında müxalifət deputatlarının toplaşmasına qadağa qoydular. Sonda isə Ermənistanda demokratiyanın inkişafını yüksək qiymətləndirdilər.
İslahat adı altında verilən milyonlar
Maraqlıdır, bu gün Ermənistanda siyasi xaos hökm sürür. Paşinyan hökuməti açıq şəkildə qanunverici orqana və məhkəmə sisteminə qarşı hücuma keçir. Deputatların səlahiyyətlərinə məcburi qaydada xitam verilir. Paşinyanın istefa SMS-inə narazılıq edənlər hədələnirlər, barələrində kompromatlar üzə çıxır. Bəs görəsən, Aİ, ABŞ, Almaniya və Fransa səfirləri niyə susurlar?
İrəvanda müxalifətin aksiyaları zamanı əraziyə iştirakçıdan çox, polis cəlb edilir, Qərb səfirlikləri susur, vəkillər polisi döyürlər, amma səfirliklərdən səs çıxmır. Bu, əsl ikili standartdır. Azərbaycanda adi küçə hadisəsi olanda belə, ağız-ağıza verib qərəzli bəyanatlar səsləndirən Qərb səfirlikləri Ermənistanda susqunluq nümayiş etdirməyə üstünlük verirlər.
Paşinyanı Sünik səfərində soyuq qarşılayan yerli idarəetmə orqanları rəhbərləri həbs edilirlər, polis idarələrində hər gün vətəndaşlara işgəncə edilir, müxalifət təqib olunur, İstintaq Komitəsinin beşinci mərtəbəsindən əliqandallı şəxsi yerə atırlar, baş nazirin korteji hamilə qadını vurur, amma Qərb səfirlikləri susurlar. Hər belə hadisədən bir neçə gün sonra ABŞ və Aİ səfirləri dövlət qurumları ilə görüşür, işlərinə dəyər verir, AŞPA da öz qətnaməsində Ermənistanın demokratiyanın inkişafına sadiqliyini yüksək qiymətləndirir.
Bu yaxınlarda daxili işlər naziri təyinatında da Sorosun ciddi rolu olub. Arpine Sarkisyanın təyinatında fondun dəstəyinin olması hər kəsə məlumdur. Hətta Arpine ilə görüşən Aİ nümayəndəsi Vasilis Maraqos da onu təbrik edib, dəstəkləməyə hazır olduğunu bildirib. Qərb diplomatı, eyni zamanda, əməkdaşlıq sayəsində görülən genişmiqyaslı işlərdən, islahatlardan danışıb.
Bu isə Qərbin daha bir ikiüzlü siyasətinin təzahürüdür. Ermənistan parlamentində keçirilən son dinləmələrdə ölkədə cinayətkarlığın biabırçı səviyyədə artması, narkotik maddə alverinin çox geniş səviyyəyə çatması barədə məlumat verilib. Bu barədə xəbər bütün KİV-də tirajlanıb və Vasilisin təmsil etdiyi siyasi dairələr də bundan xəbərdardır. Bəs o zaman hansı genişmiqyaslı əməkdaşlıq və islahatdan söhbət gedir? Ehtimal etmək olar ki, polis dəyənək hesabına Paşinyan hökumətini qoruyur və müxalifəti sıxışdırdığı üçün Qərb tərəfindən dəstəklənir.
İşin maraqlı tərəfi odur ki, Aİ Ermənistanda məhkəmələrin islahatı üçün milyonlarla dollar ayırır. Sonra isə hesabatlarında bu islahatları tərifləyir. Paşinyan isə islahat edilmiş sistemin rəhbərini SMS-lə işdən çıxarır. Analoji olaraq, korrupsiyaya qarşı mübarizə idarəsində də eyni sxem icra olunub. Deməli, belə çıxır ki, Qərbin ötürdüyü pullar islahat üçün yox, Paşinyanın kreslosunu təmin etmək üçün göndərilib. Bəs görəsən, bu səfirliklər və ya müvafiq dövlətlər göndərilən pulun necə və hara xərclənməsi ilə bağlı hesabatlarda nələr qeyd edəcəklər? Çünki bütün işdən çıxarılma və tənqidlər məhz islahatlardan sonra reallaşıb.
Paşinyanın Gümrü sancısı
Artıq bir müddətdir, Ermənistanın Gümrü bölgəsində idarəetmə böhranı yaşanır. Baş nazir Nikol Paşinyan Ermənistanın ikinci böyük şəhərini təkbaşına, müxalifətin iştirakı olmadan idarə etmək istəyir. 2021-ci ildə yerli seçkidə hakim partiya səs çoxluğu əldə edə bilmədiyi üçün şəhərin idarəedilməsi koalisiya vasitəsilə mümkün olub. Ancaq Paşinyan 2026-cı il seçkisinə hazırlaşarkən bəzi yerlərdə məğlub ola biləcəyindən qorxur, buna görə də siyasi manipulyasiyalarla bəzi yerlərdə suverenliyini bərqərar etməyə çalışır. Çünki baş nazir günü-gündən azalan reytinqini bərpa etmək, seçkidə qalib gəlmək üçün müxtəlif üsullara əl atır. Amma Gümrüdəki son hadisələrlə özünü siyasi tələyə salmış sayılır.
Məsələ burasındadır ki, Paşinyanın təzyiqi ilə Gümrü Ağsaqqallar Şurasının 14 üzvü mandatından istefa verib və 33 yerlik Şurada böhran yaranıb. Yeni bələdiyyə sədrinin seçilməsi üçün isə 17 səs lazımdır. Bu gün Gümrüdə hakim partiya fraksiyasının isə 11 üzvü var. Eyni zamanda, iclas keçirmək üçün də azı 17 üzvün olması şərtdir. Buna görə də Gümrüdə nə iclas keçirilir, nə də yeni mer seçilir. Bu şəraitdə Paşinyan müvəqqəti mer təyin etməyə çalışır, amma bu məsələdə qərar verə bilmir, çünki şəhərdə, onun komandasında birlik yoxdur. Bu, adətən, hakim komanda daxilində güc göstəriciləri azaldıqda və mərkəzdənqaçma hərəkətləri baş verdikdə olur.
Baş nazir vəziyyətdən çıxış yolu kimi bu günə qədər təcrübədə görülməmiş addım atıb: partiyanın yerli şöbəsinin rəhbəri postuna kimin təyin ediləcəyini aydınlaşdırmaq, partiyadaxili seçki keçirmək qərarı verib. Bununla da Paşinyan istəyir ki, partiyanın Gümrü şöbəsinin sədri avtomatik olaraq mer səlahiyyətlərini icraçısı təyin edilsin ki, qarşıdan gələn şəhər seçkisində inzibati resurslardan öz xeyrinə istifadə etsin. Bunu Ermənistanda akkreditə olunmuş Qərb səfirlikləri bilir, amma susurlar və səs çıxarmayacaqlar. Əvəzində isə yeni iclaslar, konfranslar təşkil ediləcək, xalqa demokratiyanın inkişafı, Paşinyanın uğurlu islahatları barədə nağıllar oxunacaq.
Bütün bu sadalanan faktlar sübut edir ki, Qərb hər zaman yürütdüyü ikiüzlü siyasətə sadiq qalıb. Hadisələrin gedişatı isə onu göstərir ki, Qərbin siyasi dairələri hər vəchlə Paşinyanı Rusiyadan qoparmaq, 2026-cı il seçkisində onun yenidən qalib gələ bilməsi üçün hər yola əl atacaqlar. Baş nazir isə ağalarının verdiyi tapşırıqları canla-başla yerinə yetirməyə davam edəcək. Çünki Paşinyanın atacağı addımlar, hətta səfərləri belə, artıq Qərbin siyasi kulislərində razılaşdırılır.
Erməni müxalifəti COP29 tədbirində iştirak etməyən erməni hökumətini tənqid edərək, "yəqin ki, ağaları konfransda iştirak etməyə icazə verməyiblər" deməkdən çəkinmirlər. Bu isə həqiqəti üzə çıxarır. Çünki Ermənistanın Bakı iqlim konfransında iştirakı ikitərəfli münasibətlərdə və tərəfsiz danışıqlarda yeni bir səhifə aça bilərdi. Görünür, Cənubi Qafqazda sülhü istəməyən dairələr bunu istəməyiblər və belə bir görüşün qarşısını almaq üçün İrəvana ismarış göndəriblər. Hər tədbirdə "Cənubi Qafqazda sülhü dəstəkləyirik" bəyanatı da səfirliklərin növbəti ikiüzlülüyünün sübutudur.
"Report" İnformasiya Agentliyi