"İqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş səmərəli proqramlar hazırlanmalıdır".
Xeber-ps.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova COP29 çərçivəsində keçirilən "İqlim dəyişikliyinin təhsil vasitəsilə çatdırılması: gənclərin və təhsilverənlərin həlledici rolu" mövzusunda tədbirdə deyib.
"COP29, həmçinin ölkələrin iqlim təhsilinə öhdəliklərini təmin etmək üçün səmərəli platformadır. Həqiqətən də, iqlim dəyişikliyi təhsilli insanlara iqlim böhranının təsirini başa düşməyə və həll etməyə kömək edir", - o vurğulayıb.
Onun sözlərinə görə, təhsil hər bir tələbəni iqlim dəyişikliyinə hazırlamaqda mühüm rol oynayır:
"Odur ki iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş səmərəli proqramlar hazırlanmalıdır. Təhsilin yaşıllaşdırılmasına siyasi öhdəliyin səfərbər edilməsi və gücləndirilməsi vacibdir. Bu mənada, gənclər aparıcı rola malikdir. Tədris proqramlarının yaşıllaşdırılması və pedaqoqlar üçün imkanların genişləndirilməsi vacibdir".
Deputat deyib ki, iqlim fəaliyyətinə yönəlmiş könüllü proqramlar bu prosesdə mühüm əhəmiyyət kəsb edir:
"Könüllülərin iqlim dəyişikliyi ilə mübarizədə və davamlılığın qurulmasında rolu əvəzsizdir. Könüllülərin və könüllü təşkilatların iqlimə aid təhsil, təlim və təbliğat fəaliyyətlərində iştirakı səmərəli nəticələr verə bilər".
Məhərrəm Əliyev