"COP29 kimi önəmli bir tədbirə evsahibliyi etdiyimiz ərəfədə təcili və təxirəsalınmaz tibbi yardıma yaranacaq zərurəti nəzərə alaraq tibb və qeyri-tibb heyətinin bilik və bacarıqlarının, dil biliklərinin artırılması məqsədilə müxtəlif təlimlər keçirilib. Təkcə sentyabr ayında 581 nəfər təlimlərə cəlb olunub. Bu təlimlərin sırasına təməl EKQ, təməl və təkmil həyat dəstəyi (BLS və ALS), kardiologiyada təxirəsalınmaz hallar, prehospital travma dəstəyi, abdominal sindrom, pediatrik təcili hallar və ingilis dili kimi kurslar daxildir".
Xeber-ps.com xəbər verir ki, bu fikirləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.
Direktor qeyd edib ki, 2024-cü ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib. Müraciətlərdən 2539-u şikayət xarakterli, 247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub.
Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, görülən işlər nəticəsində şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Belə ki, avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub".
Məhərrəm Əliyev