Şahlar Ağayevin cinayət işi: "Öldürdüyüm şəxs ilk olaraq qulağımı kəsdi"

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldurmə) maddəsi ilə təqsirləndirilən şəxs Şahlar Şakir oğlu Ağayevin məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Orxan Mehdiyev ittiham aktını elan etdikdən sonra hakim təqsirləndirilən şəxsdən cinayətdə özünü təqsirli bilib-bilməməsini soruşub. Sərbəst ifadə verən Şahlar Ağayev bildirib ki, çörək və un məmulatları istehsal edən şirkətdə çörəkçi işləyib, Bakıda kirayədə yaşayıb:

"Adi bir iş günü, mart ayının 12-də iş yoldaşım, şirniyyatçı işləyən Pünhandan mənə yol verməsini xahiş etdim. O, soyunub-geyinmə otağında qapının ağzında durmuşdu. Mənə aqressiya ilə cavab verdi, dedi ki, "sən mənimlə dalaşa bilmərsən, mən İmişli balasıyam". Yenə fikir vermədim, çünki biz ikimiz də azərbaycanlıyıq. Sonra növbəti gün mənə çiyin atdı, üstümə gəldi, sağ qaşımın üstünü partlatdı, hətta iş yoldaşımız olan qadına da xəsarət yetirdi. Müdiriyyət işə qarışdı, mən isə barışdığımızı bildirdim. Sonra Pünhan məndən mobil nömrəmi istədi. Növbəti gün məni metronun "Qara Qarayev" stansiyasının yanına çağırdı. Mən isə dedim ki, "səninlə ancaq görüşüb xoş niyyətlə çay içə bilərəm".

Gəldi yaşadığım Alatava qəsəbəsinə, avtomobilə oturmağımı istədi, dedi gedək çayxanaya. Mən maşına oturandan sonra sürücü ilə məni tanış elədi, dedi dostum Elmardır, bir neçə nəfər idilər. Gördüm Pünhanın üstündə bıçaq var. Maşını saxlamağını istəsəm də, sürücü maşını saxlamadı, tıxacda fürsətdən istifadə edib maşından düşərək ictimaiyyətə sığındım. Ancaq o məni qırağa çəkib üzərində olan bıçaqla mədəmin üstünə bıçaq atdı. Mən zərbədən yayındım, ancaq Pünhan məndən əl çəkməyərək əlindəki bıçaqla qulağımı kəsdi. Bu barədə vəkilimdə ekspertiza rəyi var. Həmin vaxt orada Pünhan tərəfdən beş nəfər var idi. Mən çarəsiz qalıb cibimdə olan işdə istifadə etdiyim bıçağı çıxarıb bilmədim neynədim, affekt vəziyyətinə düşdüm. İki gün sonra polis bölməsində bildim ki, ölüm hadisəsi baş verib.

Zərərçəkmişin hüquqi varisi A.Fərzalıyev əvvəlcə təqsirləndirilən şəxsə oğlunu nə üçün öldürdüyünü sual verib, daha sonra ifadə verib:

"Bütün bu işlərin səbəbkarları çörəkçi şirkətin rəhbərləri Maqsud və Dilqəmdir. Belə ki, onlar çağırıb bu Şahlara deyə bilərdilər ki, niyə belə edirsən. Bunun işlədiyi rəhbərliklə qohumluq əlaqəsi olduğu üçün Şahları işdə qoçu kimi saxlayırdılar. Ayın 14-də Pünhan gedib xəstəxanadan uşağını çıxarıb, sonra da bu hadisə baş verib. İşdə adı keçən gənclərin hər üçü mənim yaxın qohumlarımdır.

Şakirin ailəsi tərəfdən bizimlə barışığa hər hansı cəhd olmayıb".

Məhkəmə prosesi sentyabrın 10-na kimi təxirə salınıb.

Xatırladaq ki, bu il martın 14-də saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

0.11118102073669